Məlum olduğu kimi, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bir neçə gün əvvəl işdən çıxarılıb.
Xeberpost.info bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası həmin tibb müəssisəsinin direktor müavini Ramin Qasımova həvalə olunub.
Qeyd edək ki, Ramin Əjdər oğlu Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib. Eyni zamanda Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçib, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak edib. R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.
2020-2024-cü illər ərzində Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. Daha sonra isə Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.