
Abşeron rayonunun Fatmayı kəndində ,eləcə də Mehdiabad qəsəbəsində, 4 nömrəli məktəbin yaxınlığında aparılan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı redaksiyamıza ciddi məlumatlar daxil olub. Məlumatlarda iddia olunur ki, ərazidə inşa edilən evlər arasında qanunvericiliklə nəzərdə tutulan məsafələr gözlənilmir, şəhərsalma və tikinti normaları kobud şəkildə pozulur. İddialara görə, tikinti işləri təhlükəsizlik qaydalarına əməl edilmədən həyata keçirilir. Ən narahatedici məqamlardan biri isə odur ki, tikintidə çalışan fəhlələrin əksəriyyətinin əmək müqaviləsi olmadan işlədildiyi bildirilir. Əgər bu məlumatlar doğrudursa, burada həm əmək qanunvericiliyinin, həm də əməyin mühafizəsi tələblərinin açıq şəkildə pozulmasından söhbət gedir.Redaksiyamıza daxil olan digər məlumatlarda iddia edilir ki, Mehdiabad və Fatmayı ərazilərində aparılan çoxsaylı tikinti işlərinin arxasında "Anar" adlı şəxs dayanır. Sakinlər haqlı olaraq sual edirlər: bu şəxs kimdir və hansı səlahiyyətlə bu qədər geniş ərazidə tikinti fəaliyyətini həyata keçirir?Daha bir sual isə birbaşa Abşeron Rayon İcra Hakimiyyətinə ünvanlanır. Niyə məhz Mehdiabad və Fatmayı ərazilərində bu tikinti fəaliyyətinin genişlənməsinə göz yumulur? İddia edilən qanun pozuntuları aidiyyəti qurumların diqqətindən necə kənarda qalır? Yoxsa hansısa şəxslər özlərini dövlət qanunlarından üstün hesab edirlər?Əgər tikintilər doğrudan da layihəsiz, normativ məsafələr gözlənilmədən və təhlükəsizlik qaydaları pozularaq aparılırsa, bunun məsuliyyətini kim daşıyacaq? Sabah hər hansı bədbəxt hadisə baş verərsə, cavabı kim verəcək?Bu tikintilərdən Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də digər nəzarət qurumlarının xəbəri varmı? Əgər xəbərləri varsa, niyə tədbir görülmür? Yoxdursa, şəhərin gözü qarşısında aparılan bu tikintilər necə illərdir diqqətdən kənarda qalır?İctimaiyyəti narahat edən digər məqam isə budur: Abşeron Rayon İcra Hakimiyyətinin başçısı ilə adı hallandırılan "Anar" adlı tikinti təşkilatçısını nə birləşdirir? Bu şəxsə göstərildiyi iddia olunan etimadın hüquqi əsası nədir? Bu sualların cavabı həm sakinləri, həm də ictimaiyyəti maraqlandırır.
Redaksiya olaraq qeyd edirik ki, yazıda yer alan məlumatlar və iddialarla bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğular ünvanlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə və bütün cavabları olduğu kimi ictimaiyyətə təqdim etməyə hazırıq.Qanun hamı üçündür. Əgər şəhərsalma normaları, əmək qanunvericiliyi və təhlükəsizlik qaydaları pozulursa, buna susmaq cəmiyyət qarşısında məsuliyyətsizlik olardı.