Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəb və kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə iki ildir davam edən məhkəmə prosesi başa çatıb.
Xeberpost.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda müttəhimlərin hər ikisi də külli miqdarda dələduzluqda təqsirli bilinib.
Səbuhi Rəcəbə əvvəlki cinayətdən 7 il 6 aylıq cəzası birləşdirilməklə 8 il 2 ay həbs cəzası, Elman Mirzəyevə isə şərti cəza verilib.
Qeyd edək ki, Səbuhi Rəcəb bir neçə il əvvəl 3 nəfərə qarşı dələduzluğa görə məhkum edilib. Hazırda həbsdədir.
Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İttihamda bildirilib ki, idmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçiriblər. E.Mirzəyev əvvəl həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb.